Vətən müharibəsindən sonrakı zaman kəsiyində istər ölkəmizin dövlət və hökumət başçılarının xarici ölkələrə səfərləri, istərsə də dünya ölkələrinin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri intensiv xarakter almışdır. Bu amil beynəlxalq münasibətlər baxımından olduqca faydalıdır. Belə ki, hər bir səfər zamanı ölkələrarası münasibətlərə yenidən nəzər salınır, qarşılıqlı əməkdaşlıq barədə müxtəlif sənədlər imzalanır, dövlətlərarası münasibətlər daha yüksək səviyyələrə qaldırılır. Azərbaycan müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə böyük qayıdış üçün çox vacib quruculuq işləri həyata keçirir. Xarici investisiyanın da bu ərazilərə cəlb edilməsi baxımından də qarşılıqlı səfərlərin böyük əhəmiyyəti vardır. Ölkələrarası qarşılıqlı səfərlər digər bir yandan da Azərbaycanın beynəlxalq müstəvidə mevqelərinin möhkəmlənməsinə xidmət edir. Dünyanın bir çox ölkələrində güclü lobbiyə malik olan, daim Azərbaycana qarşı düşmən mövqe sərgiləyən, torpaqlarımızı işğal edib 30 il işğalda saxlayan, 20 mindən artıq soydaşımızı qətlə yetirən, Xocalı soyqırımını həyata keçirən, daim ölkəmizə qarşı böhtan kompaniyası yürüdən bədnam ermənilərə qarşı mübarizədə də digər ölkələrlə normal münasibətlərin qurulması yenə də böyük əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan xarici siyasət təqdirəlayiqdir. Azərbaycana dost münasibətdə olan ölkələrin çoxluğu əlbəttə ki, bizləri qürurlandırır. 02 fevral 2023 - cü il tarixdə bizə dost olan daha bir ölkənin - Ruminya dövlətinin başçısı - Klaus Yohannis Azərbaycana səfər etmişdir. Məlumdur ki, Ruminiya ilə Azərbaycan arasındakı dostluq münasibətləri yeni deyildir. Hələ ötən əsrin 90 - cı illərində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycanın müstəqilliyini qardaş Türkiyə dövlətindən sonra ilk tanıyan dövlət də məhz bizə dost olan Ruminiya dövləti olmuşdur. Əlbəttə ki, nə qədər də iki ölkə arasında dostluq münasibətləri olsa da bu münasibətlərin daha da dərinləşməsi, inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Ruminiya prezidenti Klaus Yohannis ölkəmizdə yüksək səviyyədə qarşılanmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir. Hər iki ölkənin dövlət başçıları həm geniş nümayəndə heyətləri, həm də təkbətək formada görüşlər keçirmişlər. Bütün görüşlər dostluq, qarşılıqlı anlaşma şəraitində keçmişdir. Görüşlər zamanı postmüharibə və postpandemiya dövründə Azərbaycanda baş verən proseslər, görülən işlər barədə Ruminiya nümayəndə heyəti məlumatlandırılmış, işğaldan azad edilmiş ərazilərdə yaranmış investisiya mühiti barədə fikir mübadiləsi aparılmışdır. Azərbaycanı dəstəkləyən, daim ölkəmizin haqq işini müdafiə edən ölkələr, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinin həyata keçirilməsində maraqlıdırlar. Onlar da bu işlərdə iştirak etmək, bu işlərə sərmayə qoymaq niyyətində olduqlarını dəfələrlə bəyan etmişlər. Ruminiya prezidenti Klaus Yohannisin Azərbaycana növbəti səfəri iki ölkə arasındakı münasibətlərin, qarşılıqlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli bir hadisədir. Bu səfərlər iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirəcəkdir. Ələddin Əhmədov,Xocalı rayon ziyalısı